OpenAI, bir neçə qeyri-qanuni ölüm iddiası ilə qarşı-qarşıya qaldığı bir vaxtda, ilk dəfə məhkəməyə rəsmi müdafiə arqumentini təqdim etdi. Şirkət, ChatGPT-nin bir yeniyetmənin intiharına səbəb olduğunu inkar edir və əksinə, istifadəçinin intihar və özünə zərər mövzularında istifadə qaydalarını pozduğunu iddia edir.
Bu müdafiə, 16 yaşlı Adam Reynin valideynləri tərəfindən qaldırılmış iddia çərçivəsində üzə çıxdı. Valideynlər, ChatGPT-4o versiyasının təhlükəsizlik tədbirlərinin zəiflədiyini və oğullarının intihar düşüncələrini təşviq etdiyini irəli sürürlər. Onların sözlərinə görə, OpenAI "dünyanın ən cəlbedici çatbotunu yaratmaq" məqsədi ilə bu təhlükəni bilərəkdən gözardı edib.
Lakin OpenAI, dərc etdiyi bloq yazısında valideynlərin yalnız qorxunc dialoqları seçdiyini, lakin tam kontekstdə olan çat tarixçəsinin fərqli mənzərə göstərdiyini bildirir. Şirkətə görə, yeniyetmə 11 yaşından bəri intihar düşüncələrinə sahib olduğunu yazışmalarda qeyd edib – yəni chatbotdan istifadədən xeyli əvvəl.
OpenAI-nin hüquqi sənədlərində qeyd olunur ki, Raine, ChatGPT-yə dəfələrlə ətrafındakı insanlardan kömək istədiyini, lakin cavabsız qaldığını bildirib. Bundan əlavə, gənc, depressiyasını daha da ağırlaşdıran və intihar düşüncələrini artıran dərman dozasını özbaşına artırdığını çatda etiraf edib. Həmin dərmanın yeniyetmələrdə intihar riskini artırdığına dair “qara qutu xəbərdarlığı” mövcuddur.
Qeyd edək ki, OpenAI-nin istinad etdiyi çat qeydləri məhkəmə tərəfindən gizli saxlanılır, yəni bu iddiaların doğruluğunu ictimaiyyətin yoxlaması mümkün deyil. Şirkət bloq yazısında bildirib ki, psixoloji həssaslıq səbəbilə bu cür halları “ehtiyatla, şəffaflıqla və hörmətlə” idarə etməyə çalışır.
Dərc edildi:
01.12.2025