Müasir bionik əl protezləri çeviklik, hərəkət azadlığı və funksionallıq baxımından təbii əllərə yaxınlaşır. Lakin inkişaf etmiş bu texnologiyaya baxmayaraq, bir çox amputasiya olunmuş insanlar bu cihazlardan razı qalmır. Yuta Universitetindən elektro-kompüter mühəndisi Ceyk Corcun sözlərinə görə, “üst ətrafı amputasiya olunmuş insanların 50%-ə qədəri bu protezləri birdəfəlik tərk edir”.
Corcun izahına görə, istifadəçiləri bionik əllərdən uzaqlaşdıran əsas səbəb onların çətin idarə olunmasıdır. “Bizim məqsədimiz bu protezləri daha intuitiv hala gətirmək idi ki, istifadəçilər gündəlik işlərini düşünmədən yerinə yetirə bilsinlər,” deyə o bildirir. Bu məqsədlə, komandası süni intellekt əsaslı bir “bionik əl köməkçisi” hazırlayıb.
Mikro-idarəetmə problemi
Bionik əllərin idarə çətinliyi onların avtonomluq çatışmazlığından qaynaqlanır. Kağız stəkanı əzmədən tutmaq və ya havada top tutmaq bizə asan görünür, çünki insan orqanizmində bu hərəkətlər refleks və geribildirim sistemləri ilə avtomatik idarə olunur. Təbii əldən tutulan əşya sürüşəndə, barmaq uclarındakı reseptorlar beyinə siqnal göndərir və əl avtomatik olaraq sıxılır. Bu refleks cəmi 60-80 millisaniyə ərzində baş verir.
Əksər bionik əllərdə bu cür refleks sistemləri mövcud deyil. İstifadəçi hər hərəkəti özü idarə etməlidir və bu da onların istifadəsini çətinləşdirir. Təbii əlin 27 oynağının və 20 əzələsinin hərəkətini ayrıca düşünərək idarə etmək çətinliyi təsəvvür etmək belə çətindir. Üstəlik, bionik əllərlə insan arasında məlumat ötürmə imkanları da məhduddur.
Dərc edildi:
14.12.2025